BİOQRAFİYA

Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur.

Atası – Musa Mövsüm oğlu Bünyadaov məşhur və çox hörmətli Bibi-Heybət alim-şeyxləri nəslindən idi. O, bir neçə dil bilirdi. Ziya atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrəndi.

 

Nəsil səcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-ci ulu babası şeyx Bünyadın adından götürülüb. Ziyanın bütöv adı belədir: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi.

 

Onun anası – Raisa Mixaylovna Qukasova Azərbaycandakı köhnə rus köçmənlərindən idi, Lənkəranda doğulmuşdu. Raisa Mixaylovna azərbaycan dilini mükəmməl bildiyinə görə, uşaqları hər iki dildə sərbəst danışırdılar. Ailədə altı uşaq böyümüşdü: üç oğlan (Ziya, Tofiq, Aydın) və üç qız (Əzizə, Adilə, Elza). Onlar çox ciddi rejimdə tərbiyə almışdılar.

 

Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Ziya orta məktəb illərini burada keçirmişdi. 16 yaşında orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbinə daxil oldu. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi. Onu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Benderidə müharibə başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi.

 

Qospitallarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov Böyük Vətən müharibəsinin sonunadək cəbhədə olmuşdur. O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çxımağı və polkun bayrağını xilas etməyi bacarmış, beləliklə də polkun əsgəri şərəfini qoruya bilmişdi. Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, yarısına qədəri Saratovdan olan volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi. Müharibə illərində Ziya Bünyadov bir çox qəhrəmanlıqlar göstərmişdir. Özünün haqlılığını sübut etməyə çalışarkən komadirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı.

 

Gənc leytenant burada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Ziyaya cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi. Cəzalıları adətən cəbhənin ən riskli və mürəkkəb sahələrinə göndərirdilər.

 

Belə ki, Visla-Oder əməliyyatı zamanı kapitan Z.Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı...  Təltif vərəqindən: “Kapitan Z.M.Bünyadovun 123-cü əlahiddə ordu rotası 1945-ci il yanvar ayının 14-16-da düşmənin Manquşevsk sahəsindəki müdafiə xəttinin yarılmasında iştirak etmiş, məharətli komandanlıq nəticəsində Domburovki kəndinin cənub kənarından və dəmir yolu xəttindən keçərək yanvarın 14-də Pilitsa çayını birinci keçmiş, sol sahildə ələ keçirdiyi döyüş mövqeyini 89-cu qvardiya diviziyasının əsas atıcı hissələrinin gəlib çıxmasına qədər saxlamışdır. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlər ələ keçirmişdir... Rota komandiri kapitan Z.M.Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.”  1945-ci il fevral ayının 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.

 

Böyük Vətən müharibəsi cəbhələrində keçirdiyi illər ərzində o dəfələrlə qəhrəmanlıq, mərdlik, cəsurluq, mətanət və böyük bacarıq nümayiş etdirmişdir ki, bunu onun təltif olunduğu orden və medallar da təsdiq edir: Sovet İttifaqı Qəhrəmanın ulduzu, Lenin ordeni, Qırmızı Döyüş Bayrağı ordeni, Birinci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Ulduz ordeni, Üçüncü dərəcəli Boqdan Xmelnitski ordeni, Oktyabr İnqilabı ordeni, Aleksandr Nevski ordeni, İgidliyə görə medalı, Qafqazın müdafiəsinə görə medalı, Berlinin alınmasına görə medalı, Almaniya üzərində Qələbəyə görə medalı, Stalinqradın müdafiəsinə görə medalı, “Vaffenbruderşaft” medalı, Artur Bekker medalı, SSRİ XTNS-in gümüş medalı (elmdə qazandığı nailiyyətlərə görə), 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 20, 30, 40, 50 illiyi medalları və s.

 

Müharibə başa çatdıqdan sonra Z.Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmişdir. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunmuşdur. Müharibənin başa çatmasından 30 il sonra isə “Berlin-Pankov rayonunun Fəxri vətəndaşı” adına layiq görülmüşdü. Müharibə başa çatanda cəmi 22 yaşı olan Sovet İttifaqı Qəhrəmanı, kapitan Z.Bünyadovun qarşısında gözəl hərbi karyera perspektivi açılmışdı, lakin o, “müharibədən yorulmuşdu”. Uşaqlıqdan ərəb dilini yaxşı bildiyindən N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna qəbul olmaq qərarına gəlmişdi. Bu qərar, əslində onun sonrakı taleyini müəyyənləşdirdi.

 

1950-ci ildə institutda təhsilini başa vurduqdan sonra aspiranturaya daxil oldu. Z.Bünyadov eyni zamanda, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində işləyir, paytaxtda təhsil alan Azərbaycanlı tələbələrin məsələləri ilə məşğul olurdu. Z.Bünyadov onların yerləşdirilməsi, müxtəlif məişət problemləri ilə məşğul olur, təqaüdlərini verir, bacardığı bütün işlərdə yardımçıları olurdu. Z.Bünyadov 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi və elə həmin ilin avqustunda da doğma Bakıya qayıdıb Azərbaycan SSR EA-nın Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin olundu. Z.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir. O, olduqca ciddi, ancaq ədalətli müəllim idi: qiyməti ancaq tələbənin biliyinə görə verərdi. Amma elmi fəaliyyət onun üçün daha cəlbedici olduğuna görə, 1964-cü ildə Yaxın və Orta Şərq xalqları İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinin rəhbəri vəzifəsinə keçdi. 1981-ci ilin aprel ayından isə Azərbaycan SSR EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərmişdir. Z.Bünyadov Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrünün tarixinin tədqiqi və öyrənilməsi ilə məşğul olur, Yaxın və Orta Şərq xalqlarının tarixi, elmi və mədəniyyəti barədə orta əsr müəlliflərinin əsərlərinin tərcüməsini şərhlərlə çap etdirirdi. Onun elmi məqalələri bu günə qədər də aktualdır və alimlərin daim diqqətindədir. Z.Bünyadov ölkənin həyatında baş verən heç nəyə biganə qalmırdı: sadə əməkçilər qarşısında çıxışlar edir, öz xatirələrini bölüşür, uşaq evlərindəki balalarla məktublaşır, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olurdu. Onun elmi və ictimai failiyyəti həmişə öz vətəninin faydasına yönəlik idi. 1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi aldı, 1965-ci ildə isə eyniadlı monoqrafiyası çap olundu. Kitab SSRİ-nin və xarici ölkələrin tanınmış alimlərinin müsbət rəyini almışdı. Əslində bu əsər sovet tarixşünaslığında, Ərəb xilafəti dövrü Azərbaycan tarixinə dair ilk tədqiqat işi idi. Əsər qədim erməni, gürcü, fars və türk mənbələrinə, eləcə də orta əsrlərin elə də çox tanınmayan müəlliflərinin əsərlərinə, bəzi abidələrinə əsaslanmışdı. “Nəticədə, ərəb istilasından öncə, istila müddətində və ondan sonra Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən hadisələrin obyekiv şərhini ehtiva edən monumental bir əsər yaranmışdı” (N.Vəlixanlı). Kitab partlayan bomba effekti yaratmışdı: tərifli, coşqun rəylərin fonunda erməni “alim”lərinin hay-küylü neqativ məqalələri də ortaya çıxmışdı. Lakin yaxşı ki, “nifrin, söyüş və təhqirlərlə həqiqətin üstünü qapatmaq mümkün deyil”. 1965-ci ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor dərəcəsi verilmişdi. 1967-ci ildə isə onu Azərbaycan SSR EA-nın müxbir üzvü seçmişdilər. Z.Büyadov 1970-ci ildə həm də “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” yurnalının baş redaktoru vəzivəsinə təyin olunmuşdu. Böyük çalışqanlıq qabiliyyəti olan Z.Bünyadov elmi fəaliyyətlə yanaşı, həm də dissertantlarla məşğul olur, onlara məsləhətlər verir, öz təcrübəsini bölüşür, müdafiəyə hazırlaşdırırdı. Onun aspirantları arasında xaricdən gələnlər də vardı, onlar qayğı və köməyinə görə Z.Bünyadova minnətdarlıq edirdilər. 1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu. Son dərəcə yaxşı yaddaşı olan alim öz yetirmələrini heç vaxt – hətta ezamiyyətlərdə olanda da yaddan çıxarmırdı. Əgər əlinə maraqlı kitablar, məqalələr və ya hansısa mənbələr düşürdüsə, bilirdi ki, bunu kimə hədiyə etmək lazımdır. 1973-cü ildə Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” adlı məşhur əsərini ərəb dilindən rus dilinə tərcümə və nəşr etdirmişdi. Kitab ikinci dəfə 1996-cı ildə “Şərqin yazılı abidələri” (“Памятники письменности Востока”) seriyasından “LUKOYL” Neft Şirkətinin maliyyə dəstəyi ilə çap olunmuşdur. Z.Bünyadov 1976-cı ildə Azərbaycan SSR EA-nın akademiki, 1980-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının üzvü seçilmişdir. O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazmışdır. Mənbələrin tədqiqini davam etdirən akademik Z.Büyadov yeni kitabı – “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” üzərində işləməyə başlayır. 1978-ci ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbər rəylər və yüksək qiymət alır. Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1982-ci ildə Z.Bünyadova “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1966-cı ildən başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olmuşdur. Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə, həmin ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun fəxri üzvü seçilmişdir. Ziya Bünyadov bir çox Beynəlxalq Konqreslərin iştirakçısı olmuşdur: Tarixçilərin Bağdad Konqresi, Şərqşünasların XXXI Tokio Konqresi, Cəlaləddin Əbd ər-Rəhman əs-Suyutinin 500 illiyinə həsr olunmuş Misir konfransı. O, üç dəfə İran İslam Respublikasına səfər etmiş, Böyük Britaniyada, Almaniyada, İsraildə, Yaponiyada, Moskvada, Leninqradda (Sankt-Peterburqda), Tbilisidə olmuşdur. Onu hər yerdə əsl alim kimi tanıyır, fikirləri ilə hesablaşırdılar. Z.Bünyadovun fəaliyyət dairəsi olduqca geniş idi: O, ODKYC-nin fəal üzvlərindən idi. SSRİ üzrə səyahətlərində gənclər arasında hərbi-vətənpərvərlik işinə göstərdiyi dəstəyə görə 1976-cı ildə SSRİ ODKYC-nin Fəxri nişanı ilə təltif olunmuşdu. 1986-cı ildə o özünün əsaslı elmi işlərindən birinin – “Xorəzmşah Anuştəginlər dövləti. 1097-1231” monaqrafiyası üzərində işini tamamlayır və kitab Moskvada “Nauka” nəşriyyatı tərəfindən çap olunur. “Sultan Cəlalədin Mankburninin həyatının təsvirini” dərc etdirdikdə, Z.M.Bünyadov özünü Xorəzm və Özbəkistan vətənpərvəri kimi, göstərmişdisə, “Xorəzmşah Anuştəginlər dövləti”ni nəşr etdirdikdən sonra isə o, özbəkləri ödənilməz borc qarşısında qoymuşdur” (Ə.Əhmədov). Kitab özbək dilinə tərcümə edilmişdir. Özbəkistanda onun əsərlərinin 2-cildliyi nəşr olunmuş, kitaba akademikin Özbəkistan tarixi barədə məqalələri də daxil edilmişdir. 1988-ci ilin mayında Z.Bünyadov Aral dənizinin xilası üzrə Komitənin tərkibinə daxil edilmişdi. Həmin ilin 24-sentyabrında Urgənc (Xorəzm) şəhərinin 340 illiyinin bayram edilməsi münasibətilə Xorəzmin tarixinin və ədəbiyyatının öyrənilməsi sahəsində xidmətlərinə görə, eləcə də Aralın ekoloji problemlərinin həllinə töhfəsinə görə, ona müvafiq diplom təqdim olunmaqla “Urgənc şəhərinin ilk Fəxri vətəndaşı” adı verilmişdir. O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir. 1990-cı ilin iyun ayında isə Azərbaycan EA-nın vitse-prezidenti vəzifəsinə seçilmişdir. 1991-ci ildə professor V.Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir. Z.Bünyadov 1991-ci ildə “Gülüstani-İrəm” əsərini ön söz və şərhlərlə çap etdirmiş və 1993-cü ildə bu işinə görə A.A.Bakıxanov adına mükafata layiq görülmüşdür. Respublikanın ən ağır günlərində o, öz xalqını fəal şəkildə dəstəkləyir, çoxminli auditoriyalar qarşısında çıxışlar edir, müxtəlif məqalələr çap etdirməklə, yayılan yalan və böhtanlara cavab verirdi. 1992-ci ildə Z.Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir. 1993-cü ildə ona “Astara şəhərinin Fəxri vətəndaşı”, 1994-cü ildə isə “Göyçay şəhərinin Fəxri vətəndaşı” fəxri adları verilmişdir. 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçimişdlir. 1997-ci il yanvarın 21-də Ziya Bünyadov öz evinin astanasında qəddarlıqla qətlə yetirilmişdir. Onun ölümündən sonra yalnız ölkənin tarix elmi yetim qalmamış, həm də elm aləmində bir boşluq yaranmışdır. Bu faciəli hadisədən 16 il keçməsinə baxmayaraq, ürəklər hələ də hüzn və kədərlə doludur... Ziya Bünyadov özünün bütün həyatını yalnız elmə yox, həm də onun gələcək nəslinin yetişdirilməsinə həsr etmişdir. Akademikin rəhbərliyi altında 27 dissertant tarix elmləri namizədi, 8 nəfər isə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. O, sahib olduğu çoxlu adlara və dərəcələrə rəğmən həmişə sadə, hər kəs üçün əlçatan məsləhətçi və hami idi. Ziya müəllim ömrününü sonuna qədər sındırılması və qorxudulması qeyri-mümkün olan döyüşçü və cəsur mübariz olaraq yaşadı. Öz həyat kredosuna sadiq qalmaqla, heç bir çətinlik qarşısında baş əymədi, onları qibtə ediləcək bir ləyaqətlə dəf etdi. O, tez-tez çoxlarına qarşı təkbaşına çıxışlar edər, döyüş meydanlarında olduğu kimi, bərabər olmayan bu elmi savaşlardan da qalib çıxardı. Əgər biz bu böyük İNSANın adını çəkiriksə, deməli, o yaşayır, deməli, aramızdadır. Biz hələ də ona müxtəlif suallarla müraciət edir və ondan suallarımıza dəqiq cavablar alırıq.

ZİYA MUSA OĞLU BÜNYADOV, biz Sizi xatırlamırıq, ən qiymətli milli dəyərlərimizdən biri kimi, yaddaşımızda yaşadırıq!