1965-ci ildə az qala on illik tədqiqat işlərimin nəticəsi olan “Azərbaycan VII-IX əsrlərdə” adlı kitabım işıq üzü gördü. Kitab müxtəlif elmi idarələrin və təhsil müəssisələrinin elmi şuralarında bir neçə dəfə müzakirə olunmuşdu. Onu da deməliyəm ki, əsərin ilk variantının, eləcə də sonrakı variantlarının əlyazmalarının həcmi çap vərəqinə görə, nəşr olunan kitabdan xeyli böyük idi. Monoqrafiya yalnız iki illik müzakirələrdən sonra işıq üzü görmüşdü, yəni iştənilən çap məhsulunun ortaya çıxması üçün lazım olan bütün mərhələləri keçdikdən sonra. Kitab işıq üzü gördükdən sonra mətbuatda (“Narodı Azii i Afriki”, “Der İslam” jurnallarında və respublikanın dövrü mətbuatında) müsbət qiymətləndirildi.

Kitabın çapından bir il keçdikdən sonra isə Ermənistan SSR Elmlər Akademiyasının nəşrlərində resenziya və rəylər çıxmağa başladı. Bu barədə ilk sözü “Qafqaz Albaniyası ədəbiyyatı haqqında” adlı kitabında (Yerevan, 1966, erməni dilində) Asatur Şmavanoviç Mnatsakanyan söylədi. Sonra həmin A.Ş.Mnatsakanyan və P.Sevak (şair Kazaryanın təxəllüsü) tərəfindən imzalanmış, “Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı kitabı ilə bağlı” sərlövhəli, qalmaqalı ilə məşhurlaşan məqalə ortaya çıxdı (bax: “Историко-филологический журнал” АН Арм. ССР, 1967, № 1, səh.177- 190). B.Ulubabovun “Erməni dilinin şimal-şərq (ucqar) dialekti və bununla əlaqəli məsələlər haqqında” məqaləsi (bax: “Вестник обществ.наук” АН Арм. ССР, 1968,№ 1, səh.51-77) də bu qəbildəndir. Və nəhayət, K.A. Məlik-Ohacanyanın “Z.Bünyadovun tarixi-ədəbi konsepsiyası” (bax: “Вестник архивов Армении” № 2, 1968, səh.169-189) adlı məqaləsi dərc olundu.

Burada müxtəlif rəsmi və qeyri-rəsmi idarələrə göndərilən gizli, imzalı və imzasız məktublar, eləcə də ünvanıma yazılmış heç bir dəyəri olmayan, elmdənkənar cəfəngiyyatlarla yanaşı, ana söyüşü və birbaşa təhdidlər olan məktublar haqqında danışmayacam. Qoy bu təhqirlər və küçə söyüşləri son zamanlar qriqoryan ruhaniliyinin mənafeyini sosialist cəmiyyətinin mənafeyi ilə qarışıq salan, həm də birincinin mənafeyini ikincininkindən üstün tutan Ermənistan Respublikasının bəzi vətəndaşlarının vicdanına yazılsın. Bu məqalələrin hamısı üçün bütövlükdə kitab haqqında söhbətdən yayınmaq xarakterikdir. Resenzentlərin hamısı bir-birilə sözləşmiş kimi, kitabın ancaq 6-12 və 91-102-ci səhifələrində verilmiş materiallardan, daha doğrusu 360 səhifəlik əsərin yalnız 19 səhifəsindən bəhs edirlər! Yəni ancaq qriqoryan ruhanilərinin fəaliyyətini tənqid etdiyim səhifələrdən. Deməli, mənim opponentlərim qriqoryan ruhaniliyinin müdafiəsinə qalxmaqla, şəxsi simpatiyalarına uyğun olaraq onun əsl tarixi rolunu təhrif edir, istər-istəməz bu kilsənin vaizinə çevrilirlər. Beləliklə, A.Mnatsakanyan öz kitabında və sonra P.Sevakla birlikdə yazdığı resenziyada konkret olaraq nəyin əleyhinə çıxır?

V.Qukasyan “Alban yazısı və ədəbiyyatının bəzi məsələləri barədə (A.Ş.Mnatsakanyanın “Qafqaz Albaniyasının ədəbiyyatı haqqında” adlı əsəri ilə bağlı”)” sərlövhəli məqaləsində (bax: “Azərb. SSR EA-nın Xəbərləri”, ədəbiyyat və dil seriyası, 1968, № 2, səh. 85-101) A.Ş.Mnatsakanyanın “bütün oxucu kütləsini şagird yerinə qoyan” öyüdverici üslubunu diqqətə çatdırmaqla doğru iş görüb. O, kitabın ətraflı təhlilindən sonra, məqalənin sonunda belə nəticəyə gəlir ki, “A.Ş.Mnatsakanyanın “Qafqaz Albaniyası haqqında” kitabı elmdən uzaqdır”. Bundan artıq nə demək olar?!

V.Qukasyanın öz məqaləsində haqqında bəhs etdiyi məsələlər və cavab verdiyi suallar mənim əsərimə də aiddir (əlavə olaraq onun bu məqaləsinə bax: “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiysında Azərbaycan tarixinin bəzi məsələlərinin işıqlandırılmasına dair”. “Azərb. SSR EA-nın Xəbərləri”, tarix, fəlsəfə və hüquq seriyası, 1968, № 4; səh.115-135). Ona görə də  mən, nə A.Ş.Mnatsakanyanın kitabının, nə də V.Qukasyanın məqaləsinin məzmununu təzədən təkrarlamayacam, maraqlananları isə onların orjinallarına baxmağı tövsiyə edirəm. Yalnız bir neçə detal barədə fikirlərimi bildirəcəm: 
1) A.Ş.Mnatsakanyan Zarimirx çar nəslindən olan Aran (Albaniya) hökmdarlarının – aranşahların erməni əsilli olmasında israr edir. Ancaq bunun üçün onun əlində heç bir əsas yoxdur, hətta Moisey Kalankatuklunun “Albaniya tarixi”ndə Zarimirx nəslinin yerli, Aran mənşəli olması haqqında açıq-aydın söhbət gedir (bax: Истории Албании, səh. 71, 136, 261; ingilis dilinə tərcümədə səh. 55, 108-109, 209).

A.Ş.Mnatsakanyan və onun həmfikirləri belə hesab edirlər ki, Səhl ibn Sumbat alban knyazı – aranşahlar sülaləsinin birbaşa davamçısı və nümayəndəsi yox, ermənidir. O yazır: “ Z.Bünyadov elə  təsəvvür yaradır ki, guya Səhl ibn Sumbat erməni deyil”, lakin o dəqiqə də əlavə edir: “Doğrudur, Səhl ibn Sumbatın erməni mənşəli olması məsələsi hələ həll olunmayıb, amma onun erməni olması heç bir şübhə doğurmur (elə beləcə də yazır! – Z.B). Orijinal məntiqdir!

Lakin A.Ş.Mnatsakanyan istəsəydi, “Albaniya tarixi”inin bütün nəşrlərində Səhl ibn Sumbatın Zarimixr çar ailəsinə və aranşahlar sülaləsinə aid olmasını göstərən çox vacib parçanın kəsildiyini xatırlaya bilərdi. Orada belə yazılıb: “Zarimixrakan çar nəslindən olan Səhl ibn Sumbat”.  Bu haqqda hələ 1940-cı ildə T.İ.Ter-Qriqoryan da yazmışdı. Bu haqda 1957-ci ildə İngiltərənin ermənişünas-tarixçisi Ç.C.Dovsett “Qafqaz albanlarının tarixi”ində yaddan çıxmış parça” adlı məqaləsində söhbət açmışdı. Bu haqda 1961-ci ildə “Bir daha Moisey Kalankatuklunun “Albaniya tarixi”nin çap olunmayan səhifələri barədə” adlı məqaləmdə (bax: “Azərb. SSR EA-nın Xəbərləri”, ictimai elmlər seriyası, № 4, səh. 1-9) və 1964-cü ildə “Albanika III” adlı məqaləmdə (yenə orada, №4, səh. 87-92)  mən də yazmışdım. Nəhayət, “Albaniya tarixi”ndə Səhl ibn Sumbatın yerli alban mənşəli olmasını təsdiq edən bir hissə də var (ingilis dilinə tərcümədə 266 və 214-cü səhifələr).

Əlbəttə, A.Ş.Mnatsakanyan bu məsələdə səhv də edə bilər. Belə güman etmək olar ki, o, “Albaniya tarixi”ni kifayət qədər diqqətlə oxumayıb, Ç.C.Dovsettin və digər müəlliflərin əsərləri ilə tanış deyil, M.Çamçan, V.Abaza, Q,Daqbaşyan və A.Qrenin elə də ciddi əsası olmayan hipotezləri ilə özünü çaşdırıb. Amma əldə olan faktlar əsasında Səhl ibn Sumbatın mənşəyinin Baqratunilər nəslindən və ya Torondan olması barədə ehtimal və uydurmaları rədd etmək lazımdır, deyən Ç.C.Dovsetti “bünyadovçu” mövqedə təqsirləndirmək mümkün deyil ki?!

Əgər A.Ş.Mnatsakanyan öz kitabında Səhl ibn Sumbat haqqında ehtiyatla söhbət açırsa, şair P.Sevakla birlikdə yazdığı rəydə artıq öz səhvinin üzərində açıq-aydın israr edir. Amma müəlliflərin yenə də arqumentləri yoxdur, bütün yazdıqları isə mövqelərinin yanlış və əsassız olduğunu nümayiş etdirir. Aranşahların erməni millətinin əvvəlki bir törəməsi olması, Səhl ibn Sumbatın erməni aranşahların nəslindən gəlməsi və s. haqqında onların iddialarına yalnız təəccüblənmək olar (“Erməni millətinin əvvəlki törəməsi” termininə diqqət yetirin!).

Məsələn, A.Ş.Mnatsakanyan və P.Sevak yazırlar: “Qoy, Z.Bünyadov bilsin ki, erməni knyazlığı yalnız Səhl ibn Sumbatın məmləkəti deyil, həm də bütün Sünik, Ktiş, Varsan, Beyləqan, Qəbələ, Şəki, Arsax-Xaçen, Girdiman, Utik idi”. Resenzentlər sonra da oxucunu inandırmağa çalışırlar ki, həmin dövrdə, yəni IX əsrin birinci yarısında Albaniya “yalnız coğrafi anlayış idi. Ona görə də fikirləşməyə də dəyməz, bütün bunları o (yəni, Z.Bünyadov) bilmir”.

Mən sizinlə öz tədqiqatlarımın nəticələri əsasında polemika aparmayacam, çünki onlar “tarixə zidd” fikirlər kimi, sizi əlbəttə heç vaxt qane etməyəcək. Mən sizin, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasındakı ərazilərə yiyələnməklə bağlı reallaşması qeyri-mümkün arzunuzda təcəssüm edən gizli qriqoryan meylinizin yalan olduğunu təkzib edəcəm.

Bu iddiaları mənim tərəfimdən aparılmış tədqiqatlat əsasında təkzib etmək elə də çətin deyil. Lakin onların resenzentlər tərəfindən lazımı obyektivliklə nəzərdən keçirilməyəcəyini əvvəlcədən asanlıqla söyləmək olar. Ona görə də elə müəlliflərin fikirlərini yada salacam ki, onları heç bir vəchlə “bünyadovçu”luqda (A.Ş.Mnatsakanyan və P.Sevakın ifadəsidir) ittiham etmək mümkün olmasın. Kazan Universitetinin professoru Kerovb Patkanyanın mötəbər fikrindən başlayaq. “Van kitabələri və onların Ön Asiya tarixi üçün əhəmiyyəti” adlı əsaslı əsərində (bax: “Журнал Министерства Народного Просвещения”, 1875, 177-ci hissə, səh. 149-150) K.Patkanyan yazır (çox təəssüf ki, o, A.Mnatsakanyanın bir çox məsləkdaşları tərəfindən nəyə görəsə, yaddan çıxarılıb, amma çox nahaq!): “Ermənistan bir dövlət olaraq, bəşər tarixində elə də vacib rol oynamayıb, onun adı isə yalnız bir coğrafi termin olaraq güclü qonşularının öz mübahisələrini həll etdikləri ölkənin adı idi. Ermənistan mədəni bir xalqın vətəni olaraq da məlum deyildi”.

Sözsüz ki, biz K.Patkanyanın bu iddialarını qeyd-şərtsiz qəbul edə bilmərik, amma belə bir nüfuzlu müəllifin fikirlərini bütünlüklə nəzərə almamaq da ədalətsizlik olardı.

İndi də S.T.Yeremyan tərəfindən tərtib olunmuş olduqca maraqlı xəritəyə baxaq, burada o, Ermənistanın sərhədlərini tamamilə ciddi şəkildə Xəzər dənizinə qədər çəkib uzadıb!

Yeri gəlmişkən, “Velikaya Armeniya” termini barədə. Hamıya məlumdur ki, “Velikaya Armeniya” anlayışı səhvən ortaya çıxıb, daha dəqiqi “Bolşaya Armeniya”dır. Bunu hətta N.Adonts kimi azğın irticaçı da inkar etməyib (bax: “Армения в эпоху Юстиниана”, СПб, 1908). Məncə, “Velikiy” sözünün antoniminin “niçtojnıy” və ya “neznaçitelnıy”, “bolşoy”un antoniminin isə “malıy” olduğunu xatırlatmağa elə də lüzum yoxdur. Beləliklə, etiraf etməliyik ki, “Malaya Armeniya” mövcud olub, özü də bu, siyasi yox, coğrafi termindir. Onun antonimi – “Bolşaya Armeniya” da həmçinin coğrafi termindir. Deyək ki, “Malıy Kafkaz” və “Bolşoy Kafkaz”, “Malıy Zab” və “Bolşoy Zab” kimi.

A.Mnatsakyan tərəfindən “Ermənistanın əzəli torpaqları” adlandırılan Azərbaycanın müxtəlif rayonları – Qarabağ (Arsax, Xaçen, Ktiş), Şəki, Zəngəzur, Gəncə, Qəbələ və başqaları haqqında N.Adonts kitabının 225-ci səhifəsində yazır: “Arsax (yəni, Qarabağ) həmişə erməni təsir dairəsindən kənarda olub”. Professor İ.P.Petruşevski isə özünün “Dağlıq Qarabağın xristianlığaqədərki dini inancları barədə” adlı əsərində bildirir ki, nə Arsax, nə nə də yuxarıda adı çəkilən yerlər “heç vaxt erməni mədəniyyət mərkəzlərinə aid olmayıblar”, hətta XIII-XIV əsrlərdə “Arsax və Şəkidə erməniləşmiş albanlar olan xristian knyazları əyləşirdilər”. Fikrimcə, bundan daha aydın heç nə demək mümkün deyil!

Sünikin (Zəngəzurun) alban vilayətlərinə aid olması barədə Feofanın (yunan) və Sebeosun, eləcə də Xyubşman və Loranın əsərlərində də bəhs olunur. Zəngəzurluların dilinin alban dilinin dialektlərindən biri olmasını isə Topçiyan sübut edib.

Siyasi coğrafiya məsələrində birtərəfli olmamaq üçün bu və ya digər yaşayış məntəqələrinin hara aid olduğu barədə yazmış bəzi ərəb müəlliflərinin əsərlərindən sitatlar gətirməyə məcburam. Mən bunu A.Mnatsakyan və P.Sevakın kitabımın sonuna əlavə edilmiş xəritə ilə  razılaşmadıqlarına və bununla bağlı söylədiklərinə cavab olaraq edirəm. Məsələ burasındadır ki, bu xəritəni özümdən icad etməmişəm, ingilis alimi Q.Le Strencin “Landz of istern Halifat” adlı əsərindən və bu yaxınlarda Amsterdamda çap olunmuş “Müsəlman ölkələrinin atlası” adlı nəşrdən götürmüşəm. Ona görə də resenzentlərimin sözləri ilə desək, xəritə tədqiqatlarımın yekunudur. Mənim buradakı işim isə yalnız adi elmi dürüstlükdür.

İndi isə müəlliflərin yazdıqları barədə:

İbn Haldun (V cild,1-ci hissə, səh.171) “Hicrinin 556-cı ilinin şabanında (iyul-avqust 1161) gürcülər Arran ölkəsinə aid olan Ani şəhərini ələ keçirdilər” (madinat Ani min bilad Arran). Sonra isə: “Hicrinin 557-ci ilinin şabanında (iyul-avqust 1162) gürcülər Azərbaycandakı Dvini ələ keçirdilər” (Dvin min Azərbaycan).

Əbül Fida (III cild, səh. 582) : “Hicrinin 557-ci ilində (21.12.1161- 9.12.1162) gürcülər böyük sayda qoşunla islam ölkəsinə soxularaq Azərbaycandakı Dvin şəhərini ələ keçirdilər” (va malaku madinat min Azərbaycan).

əl-Makrizi (I hissə, səh. 40, 42): “Dvin şəhəri – Azərbaycan şəhərlərindən biridir” (balad Dvin ahadbilad Azərbaycan) və “Dvin şəhəri – Azərbaycanın kənar hüdudlarında, Arran və gürcülər ölkəsi tərəfdə şəhər” (balad Dvin fiaxir Azərbaycan min ciha Arran va bilad əl-Kürc”.

əl-Öməri (səh.114): “Hicrinin 529-cu ilində (22.10.1134-10.10.1135) gürcülər Azərbaycan mahallarından olan Dvini mühasirəyə aldılar (hasarat əl-kürc mədinət Dvin min amal Azərbaycan).

Ən-Nəsəvi (90-cı fəslin sonu): “Surmari qədimlərdən Azərbaycanın vilayətlərindən biri hesab olunur” (Surmarim’aduda min a’mal Azərbaycan).

Tarixi xəritə belədir, bu sizin xoşunuza gəlsə də, gəlməsə də! Ona görə də resenzentlərim xəritədə onlara yalnız təkcə Dvini saxladığım barədə nahaq yerə gileylənirlər. Çalışaram ki, növbəti əsərimdə bu səhvi də düzəldim, axı Dvinin və sadaladığım digər şəhərlərin “əzəli erməni şəhərləri”nə aidiyyəti heç nə ilə təsdiqlənmir.

Məsələn, qazıntılar zamanı heç bircə dənə də “əzəli erməni sikkəsi” tapılmayıb. Əksinə, Dvin və Aninin topqlarının altı eldəgiz sikkələi ilə doludur. Əslinə qalsa, erməni sikkələrinin burada olması mümkün də deyil, çünki onlar heç vaxt mövcud olmayıb. Axı hamı bilir ki, əgər dövlətin özünün pul sistemi yoxdursa, onda onun müstəqil iqtisadiyyatı da ola bilməz, əgər iqtisadiyyatı yoxdursa, onda təəssüf ki, nə qədər arzu etsən də, dövlətçilik haqqında danışmaq da mümkün deyil!

“Bolşaya Armeniya” coğrafi termininin köklərini məhz burada axtarmaq lazım gəlir!

Faktlar məhz belədir! Heç resenzentlərimin istnad etməyə çalışdıqları Yuliy Sezarın özünün köməyi ilə də burada nəsə etmək mümkün deyil. Ən yaxşısı budur ki, Strabonu xatırlayaq. Hələ 20 əsr əvvəl o deyib: “Tarix, köhnə də, yeni də olsa, həqiqəti tələb edir!”

Amma mən qriqoryan kilsəsinin, bir çox başqa dinlər kimi istənilən istilaçıya xidmət göstərdiyi barədə danışmayacam. N.Vardapedov hələ bunu da yazır ki, qriqoryan kilsəsi “özü üçün yeni olan hər bir şəraitə məharətlə uyğunlaşır, siyasi konyunkturadan asılı olaraq, bir zamanlar Bizans imperatorları, İranın sasani çarları, ərəb xəlifələri, monqollar qarşısında diz çöküb təzim elədiyi kimi, Səfəvilərə, sonra isə rus çarına da beləcə qulluq göstərirdi”.

Mənim resenzentlərim bu həqiqəti təkzib etməklə, öz üzərlərinə çox pis və nəticəsi olmayan vəzifə götürüblər.

Resenzentlərin terminoloyi sxolastikası üzərində dayanmayacam, ona görə ki, onlar elmi dəlil və arqumentlərinin yoxluğunu alimlərə yaraşmayan söyüş və təhqirlərlə kompensasiya etməyə çalışırlar. Qoy bu onların vicdanına yazılsın! Məsələn, onlar yazırlar ki, guya mənim konsepsiyamin “ümimiyyətlə elmlə, o cümlədən də marksist-leninçi elmlə heç bir əlaqəsi yoxdur”. Amma Hamburqdan olan professor Bertrold Şpuler yazır: “Azərbaycan VII-IX əsrlərdə” kitabı alim-mütəxəssislər üçün maraqlıdır. O, mütəxəssis olmayanlar üçün çətin anlaşılandır. Ona görə də mütəxəssis olmayan çətin ki, bu kitabı əlinə götürsün. Əgər hadisələrə düzgün yanaşmaq istəyirsə, təyin olunmuş “marksist” tarixi təsvirlərə oxucu özü korrektələr və ya çalarlar əlavə etməlidir” (baz: Der İslam, 45-ci cild, 1967, səh. 321-322).

B.Şpulerin bu qeydlərinin mənim “qeyri-mütəxəssis” resenzentlərimə birbaşa aidiyyəti var.

O ki, qaldı marksizmə, hətta B.Şpluer də oxucunu kitabımda materialın marksist izahının təsiri altına düşməməsi üçün xəbərdar edir!

2) Mənim ikinci opponentim B.Ulubabov əvvəlki iki sələfi ilə müqayisədə daha tutarsızdır.

B.Ulubabov özünün qəzəbini ermənilərin Qarabağda gəlmə element olduğunu sübut etməyə cəsarət edənlərə yönəldib. Onun “sərt tənqid”inə arxiyepiskop Markar Barxudaryan, T.İ.Ter-Qriqoryan, N.Vardapedyan, N.Adonts, S.T.Yeremyan və hardasa sonda Z.Bünyadov  tuş gəliblər.

B.Ulubabovun məqaləsinin rusca xülasəsinin onun erməni dilindəki mətninə uyğun gəlməməsi bir yana, hələ o elə iddialar irəli sürür ki, Ermənistan SSR-in “Вестника общественных наук” jurnalının redaksiya kollegiyasının bu məqaləni nəşrin səhifələrində yerləşdirməsinə ancaq təəccüb edirsən.

3) Nəhayət, bir neçə kəlmə də K.A.Məlik-Ohacanyanın resenziyasının təvazökar “akademik” tonu haqqında. O iddia edir: “Ziya Bünyadovun əsas tarix konsepsiyası onun əsərindən qırmızı xətlə keçir”. Amma resenzent bunun hansı “tarix konsepsiyası” olduğunu açıqlamır və o dəqiqə də monoqrafiyanın müəllifini birtərəflilikdə ittiham edir. Mən artıq qeyd etmişəm ki, opponentlərim kitabımın tam təhlilini vermir, ancaq onun kiçik bir hissəsini – “Albaniya əhalisini qriqoryanlaşdırılması” haqqında yazdığım yeri tənqid atəşinə tuturlar. Və sonuncu resenzent də bu xəttə uyub ehtiyatla bəyan edir: “Kitab müəllifinin tədqiqat metodları və tarix konsepsiyasi barədə sovet tarixçiləri hələ öz fikirlərini bildirəcəklər”.

Lakin tarixçilər inadla susurlar. Onların əvəzinə isə linqvistlər, şair, bir də hörmətli Ulubabov danışır. O ki, qaldı K.Məlik-Ohacanova, o öz resenziyasında A.Mnatsakanyan və P.Sevakın söylədiklərini artıq başqa pərdədə təkrarlayır. Lakin mənə elə gəlir ki, “Albaniya tarixi”nin mətninin Vaqarşaped katalikosları və rahibləri tərəfindən saxtalaşdırıldığını T.İ.Ter-Qriqoryanın artıq sübut elədiyini yada salmaq da pis olmazdı. Ruhani ailəsindən çıxmış, olduqca hazırlıqlı olan T.İ.Ter-Qriqoryan kilsə işlərini çox gözəl bilirdi. Ona görə də açıq qapını döyəcləməyə heç bir lüzum yoxdur!         Burada hər şey gün kimi aydındır – mətn saxtalaşdırılıb, bunun necə edilməsi haqqında isə mənim kitabımda bəhs olunur.

Mxitar Qoşun “Datastanagirk”i, yəni “Qanunnamə”si haqqında danışarkən,  K.A.Məlik-Ohacanyan belə bir fikir irəli sürür ki, guya V.Bastamyan XIII əsr müəllifi Mxitar Qoşu təkmilləşdirib. Təsəvvür edirsinizmi, Qoş “Qanunnamə”ni tərtib etdiyini Alban kilsələrinin nəcib rəhbəri katolikos III Stepannosun dəfələrlə və təkidli xahişləri qarşısında tab gətirə bilməyərək səhvən iddia edibmiş. Zavallı Qoş, heç ağlına gəlməyib ki, XX əsrdə V.Bastamyan və A.Papovyan peyda olub sənin xəbərin belə olmayan şeyləri yazdıqlarına əlavə edəcəklər. Məgər bundan sonra sizə təəccüblü gəlmirmi ki, niyə başqası yox, məhz K.A.Məlik-Ohacanyan məni “jonqlyorluq”da ittiham edir?

Lap belə fərz edək ki, mən, V.Bastamyanın kəşflərinin və Mxitar Qoşun mətninə elədiyi əlavələrin incəliklərindən baş açmıram. Yaxşı, bəs onda Ermənistan SSR Elmlər Akademiyasının banisi və onun ilk prezidenti İosif Abqaroviç Orbelinin tədqiqatlarını hara qoyaq? Axı İ.A.Orbeli də Mxitar Qoşun əsərini “Qanunnamə” adlandırır, “Erməni qanunnaməsi” yox! 
Akademik İ.A.Orbelinin fikirlərinin davamına baxaq (bax: Избранные труды, I cild, səh. 213 və davamı): “Mxitar Qoş, öz əsərini yazmağa “bizim çarlıqda hakimiyyətsizliyin çoxdan hökm sürdüyü illərdə və bizim Albaniya baş yepiskopu Stefanın ölkəsində başladığını bildirir”. İ.A.Orbeli yazır ki, Albaniya Mxitar Qoşun vətənidir: “Mxitar həmin illərdə öz əsərini yazmağa harada başladığını da dəqiq göstərir:  “Həmin Arran ölkəsində”. Burada bir şey diqqəti cəlb edir ki, o, Arrandan, yəni qədim Albaniyanın vilayətlərindən biri haqqında danışarkən və Gəncə mahalını xatırlayarkən, Gəncəni “şəhərlərin anası”, “metropoliya” adlandırır. “Mxitar Qoş özünün Arranla, onun ən böyük və ən  əhəmiyyətli şəhəri olan Bərdənin dağılmasından sonra, ona doğma olan Qandzak, yəni Gəncə ilə bağlılığı düşüncəsini itirməmişdi”. İ.A.Orbeli davam edir: “Beləliklə, Mxitar böyük Nizaminin müasiri və az qala həmyaşıdıdır, eləcə də hələ uşaqlıq çağından Nizaminin böyüdüyü həmin şəhərlə bağlı idi”. Sonra isə: “Mxitar Qoşun fəaliyyəti mədəni cəhətdən erməniləşmiş Arsax (Yuxarı və Aşağı Xaçen, yəni, Tərtərçay və Xaçençay çaylarının arası) vilayəti ilə bağlı idi”.

Gördüyümüz kimi, İ.A.Orbeli məhz mənim opponentlərimin (xüsusilə də sonuncunun) böyük cidd-cəhdlə əleyhniə çıxdıqları şeyi, yəni Mxitar Qoşun Arrana aidiyyətini və onun Arran müəllifi olduğunu təsdiqləyir. Mənim kitabımda da elə bu haqda danışılır. İ.A,Orbelinin “qeyri-elmi konsepsiyası” K.Melik-Ohacanyanı narahat edir və o, İ.A,Orbelinin elmi erudisiyasını və biliyini sual altında qoyaraq yazır: “Mxitar Qoşun yığcam sətirlərində (özü də yığcam, ha!) erməni mətnindən düzgün olmayan tərcümə nəticəsində ortaya çıxan elə mülahizələr var ki, bunun da nəticəsində Qoşun fikirlərinin düzgün olmayan izahları yer alıb”. Bax belə! K.Melik-Ohacanyan ermənişünaslıq sahəsində biliyinə görə, qarşısında bütün elm dünyasının baş əydiyi bir alimin – İ.A.Orbelinin savadını şəxsən yoxlamaq cəsarətini           öz üzərinə götürüb. Bundan başqa, İ.A.Orbelinin “Seçilmiş əsərləri”nin I cildinin redaksiya heyətinin tərkibinə də S.T.Yeremyan, K.Q.Kafadaryan, A.Q.Qanalanyan, R.R.Orbeli və başqaları daxildir. Yəqin ki, onlar hamısı bu predmeti pis bilmirlər, amma bunlar mənim opponentimin vecinə də deyil və o, akademik İ.A.Orbeli tərəfindən Qoşun hansısa fikirlərinin “səhv izah edildiyi” haqqında yazır. Həm də bir yox, bir neçə izah haqqında! Özü də bunlar hamısı Mxitar Qoşun Albaniyaya, Arrana, vətəni Gəncəyə aidiyyətinin olmadığını “isbatlamaq” üçün edilir. İ.K.Melik-Ohacanyan bunun üçün hətta Gəncə şəhərini “Qandzak ölkəsi”nə çevirməyə və onu da “Parisos ölkəsi” ilə eyniləşdirməyə qədər gedib çıxır.

Lakin resenzent bununla da kifayətlənmir. O, “müstəqil çar sülaləsi Hayklar”ın “Parisos ölkəsi”ni idarə etmələri haqqında yazır.

Yeri gəlmişkən, Parisos da həmişə Girdiman, Arran və Albaniya ərazilərinə daxil olub. Bunu K.Tumanovun "LeMuzeon” yurnalındakı (№74, 3-4) “İberiya Baqratiləri VIII əsrdən XI əsrədək” adlı məqaləsindəki və Gürcüstan Baqratiləri haqqında ayrıca kitabındakı xəritələr də təsdiqləyir.

Kirakos Qanzaketsi də, David Qandzaketsi də Gəncəli idilər və onların heç bir Parisosa aidiyyəti yox idi. Ç.C.Dovsett də haqlı olaraq David Qandzaketsini Gəncəli hesab edir.

Mənim opponentimin xoşuna tədqiqatçı Voskan Ter-Ovanisyan da gəlmir. Opponent “aydınlaşdırıb” ki, V.Ter-Ovanisyan, “Qandzaketsi” şərti təxəllüsünü Kirakosa yalnız “anlaşılmazlıq nəticəsində” verib. V.Ter-Ovanisyan “Anlaşılmazlıq nəticəsində” həm də Kirakos Qanzaketsinin “Tarix” əsərinin ilkin müəllif adının əvvəlinə “hayots”, yəni “Ermənistan” sözünü də əlavə etməyib. Ona görə də opponentin fikrincə, Kirakosun əsəri yalnız “Ermənistan tarixi” adlandırılmalıdır. Qeyri-adi iddialardır!

Qeyd etməliyəm ki, K.Patkanyan, M.Baruxdaryan, T.İ.Ter-Qriqoryan, N.Vardapetov, N.Adonts, V.Ter-Ovanisyan, İ.A.Orbeli və s. kimi alimlərin tədqiqat metodları da K.Məlik-Ohacanyan, A.Mnatsakanyan və P.Sevakın xoşuna gəlmir. Axı elm qarşısında mübahisəsiz xidmətləri olan alimlər də elə bunlardır. Məhz onlar böyük nüfuz sahibləridir.

K.Məlik-Ohacanyan məni “Sovet İttifaqının qardaş respublikalarının (yəni, Ermənistan SSR-in) ictimai əsaslarının və tarixinin tədqiqi məsələlərində marksisit-leninçi metodologiyadan ciddi şəkildə yayınmaqda” ittiham edir. Bu ittiham o qədər gülünc və uydurmadır ki, heç təkzibinə də lüzum yoxdur. K.Məlik-Ohacanyana isə yalnız onun öz sözlərini xatırlatmaq istəyirəm: “Vicdan insan oğlunun yaraşığıdır”!

Postskriptum

Bu yaxınlarda iki kitab da çapdan çıxıb, onlar barədə bir neçə kəlmə demədən də keçinmək mümkün deyil. Bu, L.O.Babayanın “Ermənistanın XIII-XIV əsrlərdəki sosial-iqtisadi və siyasi tarixi” (Moskva, 1969) adlı kitabı və A.Ş.Mnatsakanyanın “Qafqaz Albaniyasının ədəbiyyatı haqqında” (Yerevan, 1969) adlı əsərinin rus dilinə tərcüməsidir.

1) Bu və ya digər ölkənin və yaxud xalqın sosial-iqtisadi və siyasi tarixi üzrə istənilən yeni tədqiqat işi orada elmə müəyyən töhfə verən hansısa yeni məlumatların olmasını nəzərdə tutur. L.O.Babayanın kitabı da ilk nəzərdə məhz belə təəssürat yaradır. Lakin onunla ətraflı tanış olduqdan sonra aydın olur ki, bu iş mahiyyətcə Azərbaycan SSR EA-nın akademiki Ə.Ə.Əlizadənin “Azərbaycanın XIII-XIV əsrlər sosial-iqtisadi və siyasi tarixi” (Bakı, 1956) adlı əsərinin variantıdır. Sadəcə olaraq, bura professor İ.P.Petruşevskinin son işlərinin elmi nəticələri də əlavə edilib.

Əsərin müəllifi öz həyatını Azərbaycanın Arran, Qarabağ, Gəncə, Şəmkir, Tovuz, Naxçıvan, Şəki, eləcə də başqa vilayət və şəhərlərinin guya Ermənistan ərazisi olması kimi uğursuz iddianı sübut etməyə həsr eləmiş  M.Çamçanın, L.Manandyanın, leonun və digərlərinin xəttini davam etdirir. Və L.O.Babayan əsərin sonunda (səh. 315) belə bir mücərrəd nəticə çıxarır: “Həmin dövrdə (XIII-XIV əsrlər) Arran ərazisində hələ də hakim etnik element erməni əhalisi idi”. Gördüyümüz kimi, L.O.Babayan həm də A.Mnatsakanyan, P.Sevak və K.Məlik-Ohacanyanın antitarix xəttinin layiqli davamçısıdır.

Əsər müəllifinin istifadə elədiyi mənbələr Ə.Ə.Əlizadənin əsərindəki mənbələrlə eynidir və bununla əlaqədar olaraq, L.O.Babayan dəlil çatışmazlığını əsassız, sıradan fərziyyələr və uydurma ehtimallar hesabına  kompensasiya etmək üçün özünü zora salır. Tarixi faktların əksinə olaraq o XIII-XIV əsrlərdə hansısa erməni dövlətçiliyinin mövcud olduğunu iddia edir, özünün uydurduğu bu dövlətin ərazisinə Gürcüstan və Azərbaycan vilayətlərini, o cümlədən Qarabağı da daxil edir. Həm də bu zaman L.O.Babayan qeyd edir ki, Xaçen knyazı Həsən Cəlalyanın gürcülərlə heç bir əlaqəsi yoxdur (səh.22). Bunun üçün o, XIII əsr anonim fars mənbəyinə isdnad edir və onu öz yalançı konsepsiyasının xeyrinə saxtalaşdırır: “Həmin vilayət (Xaçen – L.B.) çətinliklə gedilə bilən yerdir, dağlarda və meşələrdə yerləşir; o Arran rayonlarına aiddir, orada ermənilər – Abxaziya (Gürcüstan) adamları yaşayır, onların padşahını çar adlandırırlar”.

Mənbə isə tamamilə başqa şey deyir: “...Bu vilayət çətinliklə gedilə bilən yerdir, dağlar və meşələr arasındadır; Arran mahallarına (a`mal) aiddir; orada ermənilər var (məhz belə! –Z.B.); Abxazın (Gürcüstanın) adamları onların padşahlarını çar adlandırırlar, onlar abxazlarla dava salırlar” (bax: Н.Д.Миклухо-Маклай. Географическое сочинение XIIIв /fars dilində/. Ученые записки ИВАН СССР, 1954, IX cild, səh. 204).

L.O.Babayan 87-ci səhifədə Rəşid əd-Dinin əsərindən sitat gətirir (Сборник летописей, I cild, 2-ci hissə, səh. 229): “[Caba və Sabutay] Arrana yönəldilər, ona görə Arrana ki, qışı burada keçirsinlər. Onların yolu Gürcüstandan keçirdi”.

Görünür ki, Rəşid əd-Din hər şeyi aydın ifadə edib. Lakin L.O.Babayan “Gürcüstan” sözünün altında izahat verir: “Qeyd edək ki, Rəşid əd-Din Gürcüstan dedikdə, həm də Ermənistanın şimal rayonlarını nəzərdə tutur” (bax: həmçinin səh. 120).

Bu, Rəşid əd-Dinə olduqca ibrətamiz təfsirdir! Xüsusən də ona görə ki, “Gürcüstan tarixi”ində (I cild, səh. 207) deyilir ki, “monqollar Gürcüstanı onun vassal  ərazilərindən o dəqiqə məhrum elədilər və “Gürcüstan”ı (Gürcüstan çarlığını) yalnız öz sərhədləri daxilində – Zaqafqaziyanın xristian dünyası hüdudlarında tanıdılar” (seçmə “Gürcüstan tarixi”inin müəlliflərinə aiddir – Z.B.) 
L.O.Babayan tərəfindən Gürcüstan (Çorox çayına qədər) və Azərbaycan (Naxçıvan, Sünik, Qarabağ, Arsax, Xaçen, Gəncə, Uti, Şəmkir, Tovuz və s.) vilayətlərinin XIII-XIV əsrlər mifik erməni dövlətinin tərkibinə daxil edilməsi onun əsərində nə qədər açıq-aydındırsa, bir o qədər də məntiqsizdir; əgər bütün bu uydurmaları kitabdan yığışdırsan, L.O.Babayanın əsərindəki “əzəmətli əhval-ruhiyyə”dən (səh.20) heç nə qalmayacaq.

L.O.Babayan öz əsərində təəccüb ediləcək analogiyalara meyl edir. Onlara bir neçə nümunə göstərək. Səh. 53: “Həmdullah Qəzvini yazır ki, Azərbaycanın bəzi rayonlarında dənli bitkilərin məhsuldarlığı çox və keyfiyyəti yüksəkdir, 10 man undan 16 man çörək bişirilir”. Bu da L.O.Babayanın analogiyası: “Belə hesab etmək olar ki, Ermənistanda da dənli bitkilər eynən yüksək keyfiyyətli olub”. Səh.53: “Rəşid əd-Din yazır (harada yazdığı məlum deyil!) ki, Talış rayonunda çəltik, Gəncə və Şamaxı rayonlarında isə çəltik və pambıq becərilir”. L.O.Babayanın analogiyası: “Əgər Talış və Şamaxı rayonlarında çəltik becərilirdisə, onda buradan belə nəticə çıxarmaq olar ki, bu bitki Ararat vadisində də yayılıbmış. Amma o da doğrudur ki, bizi maraqlandıran dövrün mənbələri bu haqda heç bir məlumat vermir” (!) Qibtə ediləcək məntiqdir!

L.O.Babayanın əsərində “Velikaya Armeniya” termini müxtəlif ladlarda təkrarlanır və müxtəlif şəkillərdə verilir. Terminin guya Həmdullah Qəzvinidən iqtibas olunduğu iddia edilir, mənbə kimi də “SSRİ tarixinin oçerkləri”ndəki hansısa qeyd (?)(səh.120) göstərilr. Birincisi, Həmdullah Qəzvinidə “Velikaya Armeniya” termini yoxdur, “Bolşaya Armeniya” var. Orada eynən belə yazılıb: “Ərməniyyə iki hissədən ibarətdir, yəni Bolşaya və Malaya Ərməniyyədən” (bax: Нузхат ал-кулуб, səh.100); Həmdullah Qəzviniyə görə, hər iki Ərməniyyəyə daxil olan yaşayış məntəqələrini də sadalayıram: Əhlət, Abtut, Ərdic, Armuk, Aladağ, Bargiri, Bayan, Xaradin, Xuşab, Xarmaramt, Lukiyamat, Xanqamabad, Salam, Ayn, Kabud, Madazcird, Van, Vastan, Valascird (səh. 100-101). Vəssalam! Haqqında danışdığımız Həmdullah Qəzvini başqa heç bir yerin və şəhərin adını çəkmir.

2) Kitabının rus dilindəki variantını nəşr etdirərkən, A.Mnatsakanyan əsərin erməni dilindəki variantında gördüyümüz bəzi bölmələri V.Qukasyanın tənqidindən sonra  çıxarmağa məcbur olub.

Lakin A.Mnatsakanyanın bütün fikri-zikri yenə də Ermənistanın torpaqlarını qonşu vilayətlər hesabına genişləndirməyə yönəlib. O, cürbəcür bəhanələrdən istifadə etməklə, heç bir Aranın (Albaniyanın), albanların, utilərin (udinlərin) mövcud olmadığını birbaşa və ya dolayı yolla təlqin etməyə çalışır. Sən demə, ancaq “Kürarxası Ermənistan”, “Şimal-Şərq tərəf”, “Ermənistanın Şərq tərəfi”, “Daxili Ermənistan” və sair və ilaxır var imiş. O yenə və yenə də nə aran, nə də gürcü dilini bilmədən guya gürcülər və albanlar üçün əlifba düzəldən hansısa Maştots haqqında yazır.

Görünür, A.Mnatsakanyan, A.Perixanyanın məqaləsi ilə (bax: К вопросу о происхождении армянской  письменности. Переднеазиатский сборник, II, 1966, səh. 126-127) tanış deyil, orada açıq-aydın deyilir: “Maştots nə gürcü, nə də alban dilini bilmirdi. Maştotsun bu dillərin səs tərkibi haqqında məlumatları orada, yerində toplaması barədə Koryunun verdiyi məlumata elə də böyük əhəmiyyət verməmək lazımdır”. A.Mnatsakanyanın qəribə qabiliyyəti var, heç kəsin fikri ilə hesablaşmır!

O, dünyanın (o cümlədən Ermənistanın) görkəmli şərqşünaslarının və ermənişünaslarının fikirlərini qibtəediləcək asanlıqla ayaqüstü təkzib edir. Halbuki onlar A.Mnatsakanyandan hələ çox-çox əvvəl ermənilərdən asılı olmayan Alban dövlətinin mövcudluğu, bu ölkənin dili və ədəbiyyatı barədə əsərlər yazıblar. Onun əsərləri isə belə ifadələrlə doludur: “A.Şanidze sübut etməyə cəhd göstərir...” (səh.9); “A.Şanidzenin dəlili hər hansı bir təsəvvür yaratmaq üçün tamamilə yetərsizdir... (səh. 11); “K.Treverin heç nə ilə əsaslandırılmayan fərziyyəsi...” (səh. 18); “A.Y.Krımskinin səhv görüşləri...”;  “A.Y.Krımski təkzib edir...”; “A.Y.Krımski izah etmir...”; “A.Y.Krımskinin cəhdi...” (səh. 22-29); “Nə A.Manandyan, nə də M.Abeqyan lazımı diqqət yetirməyiblər...” (səh. 29); “Markvartın çaşması...”; “Markvartın səhv fikri...” (səh. 32); “Gürcü tarixçisi S.Kakabadze sübut etməyə çalışır...” (səh. 40); “K.Treverin əsasız iddiaları...” (səh. 60); “N.Piqulevskayanın fərziyyəsini əsassız hesab etmək lazımdır...” (səh. 117); “Mənbələrin bildirdikləri (?!) səhv hesab edilməlidir... (səh. 146); “R.Açaryanın əsassız faktları...” (səh. 147) və sair və ilaxır da bu qəbildən. Amma bütün bu akademiklər – A.Y.Krımski, N.V.Piqulevskaya, K.V.Trever, A.Şanidze, S.Kakabadze elmdə təsadüfi adamlar deyil axı!

Onların fikirləri ilə bütün elm dünyası hesablaşır... Bircə A.Mnatsakanyandan başqa. İnanmıram ki, bu ona baş ucalığı gətirsin.

Və siz yenə də Azərbaycan SSR-nin xəritəsi üzərində qılıncla dolaşır, Gəncəni, Beyləqanı, Salyanı, Şəkini, Şəmkiri, Zəngəzuru, Tovuzu, Naxçıvanı, Girdiman və Qarabağı qamarlayıb öz qarnınızın altına çəkirsiniz.

Sizə məsləhət görürəm ki, “hansısa filoloq” adlandırdığınız V.Qukasyanın əsərləri ilə bir daha tanış olasınız. O, Albaniyanın ədəbiyyatını hər halda sizdən daha yaxşı bilir. Ona görə də ondan məsləhət almağınız da pis olmazdı.

Zaqafqaziya xalqlarını vahid ailədə onların tarixi taleləri birləşdirib.  Sovet dövləti və kommunist hakimiyyəti bu xalqların gənc nəsillərini qarşılıqlı hörmət, dostluq və qardaşlıq ruhunda tərbiyə edir. Bu xalqların indi də, keçmişlə bağlı da böləcəkləri bir şey yoxdur. Onların hər biri öz evində yaşayır, lakin istənilən anda qonşusuna və qardaşına təmənnasız kömək göstərməyə hazırdır. Ona görə də A.Mnatsakanyan, P.Sevak, K.Məlik-Ohacanyan və bir sıra başqalarının hətta tarixi baxımdan da olsa, sərhədlər və mərzlər haqqında mübahisələr açmaları nə dərəcədə doğrudur? Özü də bunun üçün heç bir elmi əsas olmadan və tarixi faktlara zidd olaraq! Bunların gizli bir niyyət üçün edildiyinə inanmaq istəmirik. Hər halda bir şey aydındır – bu iş perspektivsiz və nankor işidir, sovet aliminə – vətənpərvərə, beynəlmiləlçiyə və kommunistə yaraşmayan əməldir.

Əgər keçmişə mifik sərhədlər çəkmək həvəskarları ortaya çıxıbsa, onları müasir dövrə proyeksiya etmək həvəsində olanlar da peyda ola bilər. Ona görə də yuxarıda qoyulmuş “Ağrımayan başa buz bağlamaq lazımdırmı?” sualına ancaq bircə cavab var: Yox, lazım deyil!

 

Z.M.Bünyadov.

TƏNQİDÇİLƏRİMƏ VƏ OPPONENTLƏRİMƏ CAVAB