Ziya Bünyadovun respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsində misilsiz xidmətləri olub. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir. Vətənini həmişə azad, firavan görmək istəyən tarixçi şübhəsiz ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan öncüllərdən biri idi. 

 

Sayğı və ehtiramla yad etdiyimiz görkəmli alimin bu il anadan olmasının 100 ili tamam olur.

Bu münasibətlə Publika.az Ziya Bünyadovun Elmlər Akademiyasının 7-ci mərtəbəsində yerləşən kabinetini ziyarət edib. 

Kabinetdə bizi tanınmış türkoloq, eyni zamanda Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadovanın bacısı qızı, filoloq Zemfira Qurbanova qarşıladı. Zemfira xanım 25 ildir ki, bu otağı göz bəbəyi kimi qoruyur. Hər bir elmi əsər, kitab, eləcə də digər detalların dəyəri qiymətsizdir.  Ziya Bünyadov haqqında Zemfira xanımla söhbətimiz də elə alimin bizi nura boyayan işıqlı kabinetində baş tutdu. 

 

- Zemfira xanım, Azərbaycanın görkəmli alimi necə ailədə böyümüşdü? 

- Ailədə çox sərt təlim-tərbiyə hökm sürürdü. Atası - Musa Mövsüm oğlu Bünyadov Bibiheybətin nüfuzlu üləmalarının nəslindəndir və bir neçə xarici dil bilirdi. Buna görə Ziya uşaqlıqdan ərəb dilində danışa bilir, Quran oxuyurdu, ümumiyyətlə dərsləri ilə ciddi məşğul olurdular. Ziya altıuşaqlı ailənin ən böyüyü olduğundan bütün diqqətlərin onun üzərində olması anlaşılan idi. Dərslərini əla qiymətlərlə oxusa da, hərdən istənilən oğlan kimi o da yaramazlıq edirdi. Xidməti işi ilə əlaqədar olaraq Musa Mövsüm oğlu Bünyadov Göyçaya göndərilmiş, Ziya Bünyadov da orta məktəb illərini Göyçayda keçirmişdi. Orta məktəbi bitirəndən sonra 16 yaşlı Ziya aviasiya məktəbinə daxil olmaq arzusu ilə Bakıya gəlir, lakin hündürboy olduğundan onu təyyarəçilik məktəbinə qəbul etməmişdilər. Tibb komissiyasından keçə bilmədiyindən, yaşına 2 il əlavə etmişdi. Daha sonra o, təhsilini S.Orconikidze adına Bakı Piyadalar Məktəbində davam etdirməli olmuşdu. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirəndən sonra onu Moldovaya göndərirlər. Burada - Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci Dünya müharibəsi başladıqdan cəmi 1 saat sonra həyatında ilk döyüşünə girir. Xəstəxanalarda keçirdiyi vaxtı çıxmaqla, Ziya Bünyadov İkinci Dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçib.